Uşağın Tərbiyəsi. Doğulduğu gündən 2 yaşına qədər.

07.04.2018

ÇAĞANIN TƏRBİYƏSİ - 3

...Körpənin birinci ilində ona öyrədiləsi beş müxtəlif fənn var: nizam, tarazlıq, cəmlənmə, etika rahatlanma.

Elə ki, çağa ilə dostluq əlaqəsi yaradıldı, tərbiyəçi körpənin diqqətini cəlb etmək və cavab almaq imkanını əldə edir. Və bu, birinci vacib olan addımdır – bu addım, təlimə başlamamışdan atılmalıdır. Çağa tərbiyəçinin hərəkətlərinə tam reaksiya verdikdə, ona nizam öyrətməyə başlamaq olar: amma bunu edərkən tərbiyəçi, adətən olduğu kimi, hiddət və qəzəb göstərməməlidir; axı körpə çox zaman dözülməz, hətta, böyüklərdən də tərs olur və onun idarə edilməsi çətinlik törədir.

Çağaya nizam təlim edilməsinin ən yaxşı üsulu – özündən çıxmadan, heç bir qəzəb və əsəb ifadə etmədən, sadəcə, öz hərəkətini onun qarşısında təkrarlamaqdır. Məsələn, körpə elə bir şey istəyir ki, ona olmaz, eyni zamanda, tərbiyəçi onun müəyyən oyuncaqla oynamağını istəyir. Bu oyuncağı təkrar olaraq, onun əlinə yerləşdirmək lazımdır: elə ki, körpə onu tulladı, və ya ağladı, yenə vermək lazımdır: və o zaman ki, körpə oyuncağa baxmır, yenə vermək lazımdır. Eyni hərəkəti təkrar edərək, siz körpənin avtomatik olaraq, sizə diqqət etməsinə və sizi eşitməsinə nail olacaqsınız. Körpəni özünə itaət etdirmək və ona nizam öyrətmək məqsədilə, hər hansı bir hərəkəti körpəyə zorla etdirmək düzgün üsul deyil. Yalnız təkrarlama ilə siz nizama nail olacaqsınız. Bu, sadəcə, səbr tələb edir. Misal üçün, körpə ağlayaraq yemək və ya başqa, hələ vaxtı yetişməyən bir şey tələb edir. Bu zaman onun fikrini nəyəsə, başqa bir şeyə yönəltmək lazımdır, hətta o şeyi istəməsə belə. Ən yaxşısı – təkrarlamadır.

Tarazlığı (ahəngliyi) – körpə həyəcanlı olarkən, ona xas olan ritmi qaydasına salmaqla öyrətmək olar. Məsələn, əgər çağa bərk həyəcanlıdırsa, onun ritmi (səsinin, hərəkətinin ritmi) normal deyil. Əl çalaraq, səsli oyuncaqları silkələyərək, və ya nəyinsə üstünə əlimizi taktla vuraraq, elə etmək olar ki, çağanın ritmi sizin ritminizə dəyişsin: axı uşağı hər bir səs-küy cəlb edir, bu səbəbdən də, müəyyən ritmə malik səs onun ritminə müvafiq təsir göstərəcək. Körpə necə həyəcanlanmış olursa olsun, onun ritminə uyğun olan ritm səsləndirməyə başlayın, sonra isə yavaş-yavaş onu normal ritmə gətirin. Belə ki, əgər dığ-dığanı, və ya hər hansı səsli oyuncaqı əvvəlcə körpənin ritminə uyğun səsləndirsək və getdikcə, ritmi yavaşıdaraq, normal etsək, körpə təbii olaraq, həmin ritmə keçəcək. Həyəcan yatacaq: körpənin beyninin vəziyyəti, qan dövranının özü, hərəkətlər, sifətin ifadəsi – hamısı normal ritmə tabe olaraq, dəyişəcək.

Üç növ ritm var. Passivlik ritmi, nə vaxt ki, çağada heç bir aktivlik yoxdur. Bu o deməkdir ki, körpə sağlam deyil, ya ona nə isə olub, nə isə qaydasında deyil. İkinci ritmdə isə çağa aktivdir, amma həyəcanlı deyil: bu normal ritmdir. Və ücüncü ritm var ki, körpə həyəcanlıdır. Bu ritmi, çağanın aktiv olduğu, amma həyəcanlı olmadığı ikinci ritmə gətirmək lazımdır. Buna, çağanın xoşuna gələn şeyi ona verməklə nail olmaq olar. Əgər bir oyuncaq onun xoşuna gəlmirsə, başqasını verin; o da olmasa, birini də verin, sonra yenə. Beləliklə, hər şey edin ki, onun beynini məşğul edəsiniz, bir müddət o, bir şeylə məşğul olsun.

Çağanın həyəcanlanması – onun ritminin dəyişməsidir. Axı çağa öz ritminə nəzarət etmir. O, getdikcə daha çox və daha sürətlə coşur, ta ki, gülə ya da ağlaya. Gülmək və ağlamaq – eyni şeydir. Körpə ona görə gülür və ona görə ağlayır ki, ritmi qaydada deyil. Ritm, yalnız tərbiyəçinin göstərdiyi səylərlə qaydasına düşəcək. Amma əgər tərbiyəçi bezibsə, körpəni sevmirsə, ya körpəyə qəzəblidirsə, onda o, kömək edə bilməyəcək.

Çağanın ağlamağını kəsmək lazımdırmı? Körpəyə ağlamağa imkan verməkdənsə, onun fikrini yayındırmaq yaxşıdır. Amma eyni zamanda, axı çağanın hərdənbir ağlamaqı da təbiidir. Əgər körpə ağlamırsa, deməli, nə isə çatmır, körpə normal deyil. Körpənin nə qədər ağlaması və nə zaman dayandırılması barədə ağıllı hərəkət etmək lazımdır. Ona müəyyən ritmədək coşmağa imkan vermək olar; elə ki, bu müəyyən ritmə çatdı, artıq ağlamamalıdır, onu dayandırmaq vaxtı çatmışdır. Amma o zaman ki, körpənin əlindən təngə gəlmiş ana lap başlanğıcdan körpənin ağlamağını kəsir, bu, körpənin əsəb sistemində çox pis təsirlər qoyur. Olur ki, tərbiyəçi körpəni ya yüyrükdə, ya da haradasa tək qoyur ağlasın. Axı bu o deməkdir ki, körpəni xeyir verməyən ritmdə saxlayasan. Belə körpə özünü günü-gündən daha pis hiss edəcək və getdikcə daha əsəbi olacaq.

İndi isə körpənin cəmlənmə məsələsinə aydınlıq gətirək...